2 C
Baku
Sunday, December 15, 2024

Sertifikatlaşdırmanın məqsədi şagirdin qarşısına hazırlıqlı kadr çıxarmaqdır – Nazir

“Sertifikatlaşdırmanın yekun məqsədi şagirdin qarşısına hazırlıqlı kadr çıxarmaqdır, çünki bir sistem öz müəllimindən daha yaxşı ola bilməz”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirb ki, müəllimin hazırlıq səviyyəsi nə qədər yüksəkdirsə, sistem də o qədər güclüdür. Bu baxımdan müəllimlərin bacarıq səviyyəsini artırmalıyıq:

“Eyni zamanda digər məqsəd bacarıqlı, hazırlıqlı, özünün biliyi ilə digər həmkarlarından seçilən müəllimə daha yaxşı əməkhaqqı verməkdir. Bizim 4 müəllimimizdən biri sertifikatlaşdırmadan keçəndə öz əməkhaqqısına 35 faiz əlavə alır, digərlərinin əməkhaqqısına isə 10 faiz əlavə tətbiq edilir. Bu prosesdə 90 faiz müəllim sertifikatlaşdırmadan uğur əldə edir. Bununla yanaşı, sertifikatlaşdırmadan iki dəfə kəsilən müəllimin işinə xitam verilir”.

Nazir qeyd edib ki, burada güzəştdən, mərhəmətdən, başqa alternativ yol tapmaqdan söz gedə bilməz:

“Biz bu mübahisəni axıra qədər etməyə hazırıq. Bəzən bu məsələdə sanki müəllimləri nüfuzdan salırmışıq kimi fikirlər irəli sürülür. Əksinə, bu işin mahiyyəti ondan ibarətdir ki, minlərlə, on minlərlə müəllimimiz daha artıq əməkhaqqı alaraq daha yaxşı həyat yaşasın. İkincisi, sertifikatlaşdırma bu peşənin nüfuzunu qaldırmaq baxımından önəmlidir ki, təsadüfən o peşəyə gəlmiş adamlar müəllim adını daşımasınlar. Bizim müəllim adını şərəflə daşıyan, öz işini layiqincə yerinə yetirən şəxslərlə heç bir problemimiz yoxdur. Lakin hazırlığı olmadan şagirdin qarşısına çıxaraq onun gələcəyini əlindən alanlarla problemimiz var”.

Emin Əmrullayev qeyd edib ki, bir ibtidai sinif müəllimi orta hesabla hər 4 ildən bir 20 şagird hazırlayır. Həmin adam 20 illik fəaliyyəti dövründə 5 sinif təhvil verirsə, bu, 100 uşaq deməkdir. 1000 belə adam 100 min adamı hazırlayır. 100 min uşağa biz keyfiyyətli müəllim verə bilmiriksə, deməli, onların hüququnu pozur, gələcəyini əllərindən alırıq. Buna etiraz edənlərin də bu mənada heç bir haqqı yoxdur. Buna görə biz bu məsələdə israrlıyıq və hesab edirik ki, etdiyimiz də düzgündür.

Son xəbərlər
Digər xəbərlər