ABŞ prezidenti Co Bayden Rusiya uranının idxalını qadağan edən qanunu imzalayıb. Qanun “Rusiya Federasiyasında və ya Rusiya müəssisəsi tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalı”nı qadağan edir, Ağ Ev bildirir.
ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan izah edir ki, qadağa ölkənin energetika və iqtisadi təhlükəsizliyini gücləndirmək, habelə mülki nüvə enerjisi üzrə Rusiyadan asılılığı azaltmaq və son nəticədə aradan qaldırmaq məqsədi daşıyır.
Xatırladaq ki, aprelin 30-da ABŞ Senatı Nümayəndələr Palatasının ardınca az zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun 2040-cı ilə qədər qüvvədə olacaq.
Eyni ayda Bayden ABŞ-nin müstəqil olaraq ilk dəfə nüvə reaktorları üçün 90 kiloqram zənginləşdirilmiş uran istehsal etdiyini açıqlayıb. Onun sözlərinə görə, ilin sonuna qədər bir tona yaxın uranın hasil edilməsi planlaşdırılır. Amerika lideri qeyd edib ki, bu, 100 min evi enerji ilə təmin etmək üçün kifayətdir.