2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181.9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Mart üzrə iqtisadi artım tempi 4.0% idi.
Azərbaycan hökumətinin 2024-cü il üzrə büdcə layihəsinə dair proqnozda, Brentin bir bareli 60 dollar olarsa, ÜDM 2024-cü ildə illik 4.6%, 2025-ci ildə 4.7%, 2026-cı ildə 4.9% və 2027-ci ildə 5.0% artım edəcək. Müvafiq olaraq illər üzrə illik inflyasiyanın 5.3%, 4.9%, 4.4% və 4.2% olacağı proqnoz edilir.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 7.7 faiz artıb.
ÜDM istehsalının 40.3 faizi sənaye, 9.5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.0 faizi tikinti, 3.1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.7 faizi informasiya və rabitə sahələrinin, 20.0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 3748.1 manata bərabər olmuşdur.