Genişləndirilməsi bu yaxınlarda tamamlanmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə mayın 20-də yüklərin daşınmasına start verilərək ilk yük qatarı yola salınıb.
Abşeron Logistika Mərkəzindən yola çıxan 20 konteynerdən ibarət yük qatarı Gürcüstan istiqamətində hərəkətə başlayıb.
Bu ayın əvvəlində BTQ-nin Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində bu dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verəcək.