Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsində qeyd edilir ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcəkdir.
Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaqdır. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaqdır.
Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunub. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaqdır.
Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünün qramı) müəyyən edilib.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.