15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda fiziki şəxslərə kredit verilərkən sığorta da təklif ediləcək – Yeni qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif ediləcək. Bank sığortaçılardan sığorta haqlarına dair təklifləri almalı və dəyişiklik edilmədən müştəriyə təqdim etməlidir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim ediləcək.

Bundan başqa, kredit müqaviləsi, o cümlədən istehlak krediti müqaviləsi, habelə həyat sığorta müqaviləsi üzrə münasibətlər Mülki Məcəllə və İH-nin “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” ilə tənzimlənəcək.

Həmçinin qərarla kreditlərin verilməsi prosesinə poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları və elektron pul təşkilatları cəlb edilə bilər. Bu halda həmin təşkilatlar tərəfindən aşağıdakı fəaliyyətlər həyata keçirilə bilər:

– kredit müraciəti üçün tələb olunan sənədlərin qəbulu;

– borcalanların ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;

– kreditlərlə bağlı təqdim edilməli olan sənədlərin, o cümlədən müştərinin fiziki imzası tələb olunan sənədlərin, ödəniş alətlərinin müvafiq olaraq banka və (və ya) müştərilərə çatdırılması.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər