Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Məqsədli proqramlar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv məşğulluq tədbiridir.
Layihəyə əsasən, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir. Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir. Layihədə təklif edilən 26.6-cı maddəyə əsasən, kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərtilə işəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.
Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənin iştirakı ilə həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) il ərzində bir dəfədən az olmayaraq məqsədli proqramların həyata keçirilməsinə dair rəsmi internet səhifəsində müsabiqə elan edir.
– Müsabiqədə aşağıdakı şərtlərə uyğun olan işəgötürənlər iştirak edə bilərlər:
– son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;
– son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən;
– müvafiq məlumatları vakansiya bankına təqdim edən.
Dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir. Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan işəgötürənlərə üstünlük verilir. Müsabiqədə qalib olmuş işəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında müvafiq məqsədli proqramın istiqamətləri, tərəflərin hüquq və vəzifələri, habelə məsuliyyəti göstərilməklə məqsədli proqramın həyata keçirilməsinə dair 3 (üç) illik müddətə müqavilə bağlanılır. Müqavilə müddətində işəgötürənlərin məqsədli proqramların həyata keçirilməsinə dair digər müsabiqədə iştirakına yol verilmir. Məqsədli proqramın həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan və 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında işçi qəbul ediləcək hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Müqavilədə nəzərdə tutulan müddət ərzində ayrılmış vəsaiti təyinatı üzrə istifadə etməyən işəgötürənlər məqsədli proqramlar çərçivəsində iş yerlərinin yaradılması üçün ayrılmış işsizlikdən sığorta vəsaitini geri qaytarmalıdırlar.