Bazarda “Sizin Lombard” brendi ilə çıxış edən “GL” ASC 2023-cü ili uğurlu maliyyə nəticələri ilə tamamlayıb və ili yenidən xalis mənfəətlə bitirib.
Banker.az xəbər verir ki, lombard şirkəti ötən il ərzində illik müqayisədə gəlirlərini 9 faiz artırıb və 16.3 mln. manat gəlir əldə edib. Şirkət 7.76 mln. manat ümumi və inzibati xərclər çəkib. Beləliklə, bütün gəlirləri və xərcləri fərqindən sonra 2023-cü ildə də 2.87 mln. manatlıq xalis mənfəət əldə edib.
Lombard şirkətinin 2023-cü ildə müştərilərə verdiyi kreditlər və avansın həcmi illik müqayisədə 15 faiz yüksələrək 39.52 mln. manata yüksəlib.
“GL” ASC Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli və uzunmüddətli kreditlərin verilməsini həyata keçirir. Daşınar əşyaları saxlamağa qəbul edən kommersiya şirkətidir. Şirkət 2023-ci ildə 13 filial açıb və cari vəziyyətə əsasən, 30-dan çox paytaxt və bölgələrdə filial şəbəkəsi var. Lombard şirkətinin işçilərinin sayı son ildə 350 nəfərdən 414 nəfərə yüksəlib.
Lombard şirkətinin maliyyə mənbəsində fond bazarının mühüm payı var. Şirkət son ildə fond bazarında istiqraz buraxmaqla böyük həcmli borclar cəlb edir. İstiqrazlar üzrə öhdəliklərinin həcmi 17.79 mln. manatdan 21.65 mln. manata yüksəlib. Ümumilikdə, şirkətin faiz ödənişləri üzrə xərcləri 2023-cü ildə 4.76 mln. manat olub. Məsələn, keçən il emissiya etdiyi manatdakı istiqrazlar üzrə 12-14 faiz arası gəlirlilik təklif edirdi. Şirkət cari ildə də fond bazarında manatda irihəcmli istiqraz buraxmağı davam etdirir.
2023-cü il üzrə mənfəətli fəaliyyətdən səhmdar da yararlana bilib. Hesabat müddəti ərzində lombard şirkəti növbəti dəfə 3.05 mln. manat dividend elan edib. 2022-ci ildə bu ödəniş 2.9 mln. manat üzərində olmuşdu. Səhmdarı 100% pay ilə Fərman Quliyev Eldar oğludur.
Şirkətin kapitalında 2.08 mln. manatlıq bölüşdürülməmiş mənfəət qalıb ki, bu da kapital mövqeyinin güclü olmasına yardım edir.