3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda qiymətli kağızlara abunə yazılışının keçirilməsi müddəti 3 ayla məhdudlaşdırılıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar”ı təsdiq edib.

Fevralın 1-dən qüvvəyə minən Qaydalara əsasən, kütləvi təklif edilən investisiya qiymətli kağızlarına anderrayter tərəfindən abunə yazılışı investisiya qiymətli kağızlarının yerləşdirilməsindən əvvəl həyata keçirilir.

Kütləvi təklif edilən istiqrazlar, abunə yazılışı keçirilmədən, emitentin qərarı ilə fond birjasında hərrac vasitəsi ilə yerləşdirilə bilər. Qiymətli kağızlara abunə yazılışının keçirilməsi müddəti 3 aydan çox olmamalıdır. Qiymətli kağızlara abunə yazılışı investorlar tərəfindən sifarişin anderrayterə (qiymətli kağız buraxılışı və bölüşdürülməsi prosesinə rəhbərlik edən hüquqi şəxs, qarant ) təqdim etməklə həyata keçirilir. Qiymətli kağızlara abunə yazılmaq üçün sifariş iki nüsxədə hazırlanmalı və özündə qiymətli kağızların qeydiyyat nömrəsi, növü, nominal dəyəri, investor tərəfindən təklif edilən alış qiyməti, investor tərəfindən sifariş edilən qiymətli kağızların miqdarı, investor haqqında məlumatlar (fiziki şəxslər üçün – adı, soyadı, yaşadığı və qeydiyyatda olduğu ünvan, telefon nömrəsi, hüquqi şəxslər üçün – adı, olduğu yer, telefon nömrəsi) barədə məlumatları özündə əks etdirməlidir. Əgər emissiya prospektində və ya emissiya haqqında qərarda ayrı qayda nəzərdə tutulmayıbsa,  investorlar abunə yazılışı üçün sifarişləri imzaladıqdan sonra onların geri çağırılmasını tələb edə bilməzlər. Abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü ərzində emitent və yerləşdirməni həyata keçirən anderrayter qiymətli kağızların yerləşdirilməsinə başlamalıdırlar. Abunə yazılışının qiyməti emissiya prospektində və ya informasiya memorandumunda müəyyən edilmədikdə, həmin qiymət yerləşdirmənin başlanmasına ən azı 5 iş günü qalmış açıqlanır. Bu müddət ərzində anderrayter uçota alınmış sifarişləri fond birjasının ticarət sisteminə daxil etməlidir. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi müddəti başlandığı tarixdən etibarən 7 iş günündən çox olmamalıdır. Yerləşdirmə müddəti ərzində investorlar qiymətli kağızların dəyərini emissiya prospektində müəyyən edilmiş və klirinq təşkilatının üzvü olan bankda açılmış müvəqqəti cari hesabına köçürməlidirlər. İnvestorlar tərəfindən ödənilmiş pul vəsaitləri yığım hesabında saxlanılır və həmin vəsaitlərin istifadəsinə yerləşdirmə başa çatdıqdan və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən emissiyanın və ya kütləvi təklifin yekunları haqqında hesabat təsdiq edildikdən sonra yol verilir. Mərkəzi depozitar investisiya qiymətli kağızlarının dəyəri investorlar tərəfindən ödənilməsi haqqında məlumatları bankdan aldıqdan sonra növbəti gün ərzində qiymətli kağızları investorların depo hesablarına köçürülməsi əməliyyatını həyata keçirir və həmin hesabda Komitə tərəfindən emissiyanın və ya kütləvi təklifin yekunları haqqında hesabat təsdiq edilənədək dondurur. Səhmlərin yerləşdirilməsi zamanı investorlar tərəfindən eyni qiymət ilə təqdim edilən sifarişlərdə qiymətli kağızlara tələbat təklifdən çox olduğu təqdirdə qiymətli kağızlar investorlar arasında onların sifarişlərində göstərilmiş səhmlərin miqdarına uyğun olaraq mütənasib miqdarda yerləşdirilir.

İstiqrazlar, abunə yazılışı keçirilmədən, fond birjasında hərrac vasitəsi ilə yerləşdirildikdə, istiqrazların yerləşdirilməsinə başlanılması tarixinə ən azı 2 iş günü qalmış emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtlərini elan etməli və fond birjasına bu barədə yazılı bildiriş göndərməlidirlər. İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra başlanılır. Hərrac zamanı investorlar tərəfindən eyni qiymət ilə təqdim edilən sifarişlərdə istiqrazlara tələbat təklifdən çox olduğu təqdirdə, istiqrazlar sifarişlərin icrası şərtlərinə müvafiq olaraq investorlar arasında sifarişlərdə göstərilmiş istiqrazların miqdarına mütənasib miqdarda yerləşdirilir. İnvestisiya qiymətli kağızlarının qapalı yerləşdirilməsi fond birjası vasitəsi ilə və ya fond birjasından kənar həyata keçirilir. Qapalı yerləşdirmə zamanı əqdlər investisiya şirkəti vasitəsi ilə bağlanılır.  Qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra emitent 10 iş günü ərzində Komitəyə qiymətli kağızların emissiyasının və ya kütləvi təklifin yekunları haqqında hesabatı və yerləşdirilmiş qiymətli kağızların sayı barədə Mərkəzi Depozitar tərəfindən verilən arayışı təqdim etməlidir. Komitə tərəfindən qiymətli kağızların emissiyasının və ya kütləvi təklifin yekunları haqqında hesabata 15 gün müddətində baxılır və təsdiq edilməsindən imtina üçün bu Qaydalarda göstərilən əsaslar olmadıqda hesabat təsdiq edilir, bu barədə emitentə qiymətli kağızların dövlət reyestrindən çıxarış verilir.

APA

Son xəbərlər
Digər xəbərlər