Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in məlumatına əsasən, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən “Organic” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
– yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;
– obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz edilməyib;
– obyektin zalında işıqlandırıcıların üzəri və ətrafında bəzək məqsədilə tezalışan plastik məmulatlardan istifadə olunub;
– giriş-çıxış yolları və otaqların divarları taxta materiallarla üzlənib və taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb;
– obyektdə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan yenidənqurma işləri aparılıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən “Organic” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.