JPMorgan Chase & Co. bazar kapitallaşması 1 trilyon dolları ötən ilk bank ola bilər.
Bank of America-nın analitiki hesab edir ki, hətta bu halda belə maliyyə nəhənginin səhmləri bazara nisbətən kifayət qədər cəlbedici diskontla ticarət olunacaq və onları diqqətdən kənarda saxlamaq çətin olacaq.
Analitik qeyd edir ki, hazırda S&P 500 indeksinə daxil olan və bazar kapitallaşması 1 trilyon dolları ötən 11 şirkətin, o cümlədən Nvidia, Alphabet və Apple-ın qiymət/mənfəət (P/E) əmsalı JPMorgan-dan xeyli yüksəkdir. Onun fikrincə, bank “texnologiya sektorundan kənarda 1 trilyon dollarlıq kapitallaşmaya malik və mənfəətin təxminən 15 misli səviyyəsində ticarət olunan yeganə şirkət” olmaqdan faydalana bilər.
Uoll-stritdə JPMorgan səhmlərinin bundan sonra da yüksəlib-yüksəlməyəcəyi ilə bağlı fikirlər bölünür. Bloomberg-in məlumatına görə, heç bir analitik səhmləri satmağı tövsiyə etmir: 18 analitik “al”, daha 15 analitik isə “saxla” tövsiyəsi verir.
Bununla belə, analitiklərin orta hədəf qiyməti 375 dollar təşkil edir. Bu səviyyə bankın bazar kapitallaşmasının qarşıdakı 12 ay ərzində 1 trilyon dollara çatmayacağını nəzərdə tutur.
Bazar kapitallaşması 450 milyard dollardan az olan Bank of America isə JPMorgan-dan sonra ABŞ-nin ikinci ən böyük bankıdır.







