14 C
Baku
Saturday, November 23, 2024

Astarada banan, manqo, avakado yetişdiriləcək – tropik meyvə idxalından asılılıq minimuma enəcək

Avokado, manqo, marakuya, taiti lime, qreyfrut, pomela, pitaya, papaya və banan… Xaricdən ölkəmizə idxal olunan bu meyvələr artıq ölkəmizdə də yetişdiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ayrılan 1 milyon manat güzəştli kredit hesabına Astara rayonunda 130 hektar ərazidə bağ salınır. İki mərhələdən ibarət layihə üzrə Astaranın Şüvü və Deqədi kəndləri ərazisində artıq 45 hektarda avokado, 10 hektarda yeni növ limon bağlarının salınması prosesi yekunlaşıb. Bir neçə ay əvvəl isə 2 hektar ərazidə banan ağacları əkilib.

Sahibkar Faiq Osmanlı bildirib ki, bağda soyuğa davamlı 3 növ banan tingi əkilib. “Açıq əraziyə uyğunlaşacağı təqdirdə biz böyük banan plantasiyaları salmaq niyyətindəyik. Banan indiyədək Azərbaycanda müxtəlif yerlərdə istixana şəraitində yetişdirilsə də, açıq sahədə bağ salınmayıb. Ümid edirəm ki, açıq sahədə banan yetişdirmək uğurlu olacaq və daxili bazarı bu məhsulla təmin edə biləcəyik. Təxmini hesablamalara görə, daxili bazar üçün 550 hektar banan sahəsi lazımdır. Belə olarsa, banan idxalının qarşısı da alınacaq”, – deyə o əlavə edib.

Təsərrüfatda qurulan müasir sistem vasitəsilə açıq havada əkilən banan, manqo və avakado ağaclarını şaxtadan da qorumaq mümkün olacaq.

Daha iki tropik meyvə – pitaya və papaya isə istixana şəraitində yetişdiriləcək. Bu məqsədlə artıq tikinti işlərinə start verilib. İstixananın tikintisi 2 ay ərzində yekunlaşacaq və tinglər əkiləcək.

Faiq Osmanlı deyir ki, bağların qurulmasında, həm də müasir sistemlərin çəkilişində, texnika-aqreqat parkının əldə olunmasında dövlət də dəstək göstərir.

Onun sözlərinə görə, layihə uğurlu olarsa, tropik meyvə idxalından asılılıq minimuma enəcək və beləliklə ölkədən valyuta axınının qarşısı alınacaq.

Sahibkar gələn ildən bağdan əldə ediləcək meyvələrin satışına və ixracına başlamağı planlaşdırır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər