7 C
Baku
Sunday, December 15, 2024

Qızılın qiyməti sürətlə artır

Dünya bazarında qızılın qiyməti 1 240 dollar/unsiya həddinə çatıb. Reportun analitik qrupu hesab edir ki, növbəti qiymət hədəfi 1 300 dollar/unsiyadır. 

Qeyd etmək lazımdır ki, qızılın qiymətinin artması ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin dünən, fevralın 10-da Konqresdəki açıqlamaları olub. C.Yellen dünya iqtisadiyyatındakı mövcud problemləri etiraf edərək bildirib ki, ABŞ iqtisadiyyatı bu situasiyada neqativ təsirə məruz qala bilər. Bununla da FES maliyyə bazarlarını başa salmağa çalışıb ki, qlobal bazarlarda mənfi tendensiya uçot dərəcəsinin artırılmasının ertələnməsinə səbəb olacaq. “Societe General” bankının analitiki Mark Kinan, C.Yellenin açıqlamalarını FES-in uçot dərəcəsini çox ehtiyatla artıracağı kimi qiymətləndirib.

Açıqlamalardan sonra investorlar maliyyə bazarlarının xaos hallarında ən sabit və etibarlı aləti olan qızılı almağa başlayıblar. Belə ki, dünəndən etibarən qızılın bir unsiyası 58 dollar və ya 4,9% artaraq 1 240 dollar/unsiyaya çatıb. FES-in dekabrdakı faiz artımından sonra isə qızıl 15,9% bahalaşıb.

Buna baxmayaraq, qızıla tələb 2015-ci ildə artmayıb, əksinə, təklifdə bir qədər azalma müşahidə edilib. Belə ki, Beynəlxalq Qızıl Şurasının (WGC) “Qızıl tələbi trendi” hesabatına əsasən, keçən il qızıla tələbat 4 212,2 ton təşkil edib ki, bu da 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 14,2 ton və ya 0,3% azdır. Hesabatda həmçinin bildirilir ki, 2015-ci ilin son rübündə qızıla tələbat 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4% artaraq 1 117,7 ton təşkil edib. Təklif edən ölkələr sırasında isə ən çox azalma Cənubi Afrika Respublikası (dekabrda – 4,9%) üzrə qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər