Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanmasına dair tələblər müəyyənləşib.
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.
Qərarla tezyetişən çeşidlər istisna olmaqla qabıqlı fındığın istehsalı, emalı və saxlanması məqsədilə tədarükünü həyata keçirən qida zənciri subyektləri tərəfindən qabıqlı fındıq ilkin istehsalın həyata keçirildiyi ilin 1 sentyabr tarixindən sonra tədarük edilməlidir.
Tədarük edilən qabıqlı fındığın nəmlik miqdarı 12 %-dən çox olmamalı, qabıqlı fındığın emalını həyata keçirən qida zənciri subyekti, həmin məhsul tədarük edildikdən sonra ləpələrindəki nəmliyin miqdarı 6 % olanadək qurudulmasını təmin etməlidir.
Qabıqlı fındıq kətan və ya brezent kisələrdə saxlanmalıdır. Qabıqlı fındığın saxlandığı anbarlar yaxşı havalandırılmalı, yağış və qrunt sularından mühafizə edilməli, anbarlarda havanın nisbi rütubəti 70 %-dən az, temperatur 0-20 °C arasında, məhsulun 3 aydan çox müddət ərzində saxlanması nəzərdə tutulduğu təqdirdə 0-10 °C arasında olmalıdır.