Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Brüsseldə keçirilmiş toplantıda 500 avroluq əsginasların dövriyyədən çıxarılmasına dair təklif irəli sürüblər.Banker.azın ANS istinadən verdiyi məlumata görə, bunun əsas səbəbi bu əsginasların terroristlər, çirkli pulların yuyulması və narkotik vasitələrin ticarəti ilə məşğul olanlar tərəfindən ən çox istifadə edilən əsginas olmasıdır.
Nazirlərin irəli sürdüyü təklif əsasən terrorizmin maliyyələşdirilməsində geniş istifadə olunan 500 avroluq əsginaslarla bağlı təhlükələrin necə azaldılmasına dair məqamları özündə əks etdirir.
Fransanın maliyyə naziri Mişel Sapen məsələyə münasibət bildirərək vurğulayıb ki, 500 avroluq əsginaslar son zamanlar standart alış-veriş əməliyyatlarından çox qeyri-qanuni transaksiyaların həyata keçirilməsində istifadə olunur.
Hollandiyanın maliyyə naziri Jeroen Dijsselbloem isə böyük nominallı əsginasların terrorizmin maliyyələşdirilməsində asanlıqla istifadə olunduğunu və bunun böyük risk yaratdığını bildirib. O, Avropa Mərkəzi Bankına (AMB) müvafiq məsələ ilə bağlı araşdırmanın aparılması üçün müraciət ediləcəyini bildirib.
Ötən il Parisdə törədilmiş terror aktlarından sonra Fransa hökuməti Avropa İttifaqını terrorizmin maliyyələşdirilməsi ilə mübarizə istiqamətində vahid yanaşma tətbiq etməyə çağırır. Qurumun bu ay irəli sürdüyü fəaliyyət planında yüksək dəyərə malik olması baxımından 500 avroluq əsginaslara kriminal şəbəkələr arasında böyük tələbatın olması xüsusi vurğulanır.
AMB-nin məlumatına görə, dövriyyədəki təxminən 1 trilyon avronun 30 faizi 500 avroluq əsginaslardan ibarətdir.