2 C
Baku
Saturday, December 14, 2024

Əcnəbilərə viza verilməsi sadələşdirildi – SƏRƏNCAM

Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Banker.azın AzərTAc-a istinadən xəbər verir ki, sərəncam ölkəmizə gələcək 17 yaşlı futbolçuların viza almasının rahatlaşdırılmasını təmin etmək məqsədi ilə imzalanıb.

Sərəncamda deyilir:

1. Müəyyən edilsin ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycan Respublikasında keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

2.2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2.3. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

3.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər – 2016-cı il aprelin 1-dən iyunun 1-dək;

3.2. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2016-cı il aprelin 20-dən mayın 25-dək;

3.3. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər – 2016-cı il mayın 1-dən 25-dək.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

5.1. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

5.2. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin.

Son xəbərlər
Digər xəbərlər