14 C
Baku
Sunday, November 24, 2024

“Manatlıq” taksilərin yığışdırılması ilə bağlı rəsmi AÇIQLAMA

Artıq bir neçə gündür metronun “20 Yanvar” stansiyasının qarşısından Sumqayıt istiqamətinə hərəkət edən taksilər yığışdırılıb. Lakin bundan sonra Sumqayıta gedən əhali çətinliklə üzləşib. Gecikən avtobusların sərnişinləri yolda qoyduğu, taksi sürücülərinin isə avtomobillərini harada-gəldi saxladıqları qeyd olunur.

Banker.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaranmış problemə aydınlıq gətirib.

Qurumun açıqlamasında qeyd olunur ki, vətəndaşların “20 Yanvar” metro stansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan əsasən Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olurdu və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı: “Tbilisi prospektinin “20 Yanvar” metro stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) imkanlarından yararlana bilərlər. Məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspres avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şossesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir. Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə BBAK-dan müasir və komfortlu “Neoplan”larla yola düşə bilərlər”.

Agentlikdən, həmçinin bildirilib ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıtın müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Avtovağzal” metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər.

Son xəbərlər
Digər xəbərlər