Azərbaycan dövləti və bir sıra beynəlxalq təşkilatın birgə təsis etdiyi “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (CIIC) keçən il 556 min manat zərər edib.
Banker.az bu barədə şirkətin audit hesabatına istinadən xəbər verir.
Şirkət 2022-ci ildə isə 2 milyon 420 min manat zərər etmişdi.
CIIC-nin gəlirləri hesabat ilində 991 min manat olub ki, bu da 2022-ci ildə qeydə alınan 1 milyon 277 min manatdan 22 faiz azdır.
1 yanvar 2024-cü il tarixinə CIIC-nin aktivlərinin həcmi 20 milyon 558 min manat, öhdəlikləri 1 milyon 194 min manat, cəmi kapitalı isə 19 milyon 364 min manat olub.
Şirkətin balansındakı yığılmış zərərin həcmi 8 milyon 237 min manat olub.
Xatırladaq ki, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb. Onun səhmdarları 28% payla İslam İnkişaf Bankı, 24% payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18% payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16% payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14% payla “Saham Holding Company”dir.