2024-cü ilin 6 ayında Azərbaycan Respublikasının qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.4% artaraq 1.7 mlrd. dollar təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Hesabat dövründə turizm xidmətləri üzrə ixrac 946.6 mln. dollar, idxal isə 717.3 mln. dollar olub.
Beləliklə, ixracın idxalı üstələməsi nəticəsində 229.3 mln. dollar həcmində profisit yaranıb. Bu da o deməkdir ki, Azərbaycana gəlib pul xərcləyən xarici vətəndaşlar, xaricə səfərə getmiş Azərbaycan vətəndaşlarından daha çox pul xərcləmiş olub.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 34.0% artmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 717.3 mln. dollar olmuşdur. Bunun 78.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).