Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “İqtisadiyyat və Sənaye Nazirliyi”-nin “İqtisadiyyat Nazirliyi” adlandırılması ilə əlaqədar nazirliyin yeni loqotipi (nişanı), devizi və tanınma rəngi təsdiq edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dairəvi formadakı loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub. Dairənin içində iqtisadiyyata dair 3 hissədən ibarət dişli çarxın təsviri və qızılı rəngli qrafik elementlər (bina, qurğu və tikililər) əksini tapıb.
Nazirliyin devizi isə əvvəlki kimi, sabiq prezident Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” ifadəsidir.