“Facebook”un sahibi “Meta inc”, Rusiya dövlət mediasına məxsus bir neçə şəbəkəni qadağan etdiyini bildirib və onların platformalarda təsir əməliyyatları həyata keçirmək və aşkarlanmaqdan yayınmaq üçün aldatma taktikasından istifadə etdiklərini iddia edir. Banker.az bunu BBC-yə istinadən xəbər verir.
“Diqqətlə araşdırıldıqdan sonra biz Rusiya dövlət media orqanlarına qarşı davam edən tədbirlərimizi genişləndirdik. “Rossiya Segodnya”, “RT” və digər əlaqəli qurumlar indi xarici müdaxilə fəaliyyəti səbəbindən qlobal olaraq bizim tətbiqlərimizdə qadağan edilib”- deyə, “Meta” bəyan edib.
Bu qadağaların yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.
Rusiya dövlət mediası, Qərb ölkələrində siyasətə təsir göstərməyə çalışdıqları iddiaları fonunda artan təzyiq altındadır. “Facebook” ilə yanaşı, sosial media nəhəngi “Meta” “Instagram”, “WhatsApp” və “Threads” tətbiqlərinə də sahibdir. Bu addım, dünyanın ən böyük sosial media şirkətinin Rusiya dövlət media şirkətlərinə qarşı mövqeyinin sərtləşdiyini göstərir.
İki il əvvəl “Meta” Rusiya dövlətinə məxsus media orqanlarının təsirini azaltmaq üçün daha məhdud tədbirlər görmüş, o cümlədən həmin media orqanlarının platformalarında reklam yerləşdirməsini dayandırmış və onların məzmununun çatdırılma miqyasını məhdudlaşdırmışdı. Ukraynadakı müharibə başladılandan sonra “Meta” digər sosial media platformaları kimi, Avropa İttifaqı, Böyük Britaniya və Ukrayna tərəfindən bəzi Rusiya dövlət mediasının həmin regionlarda bloklanması ilə bağlı tələblərə əməl edib.
Bu ayın əvvəlində ABŞ, dövlət yayım şirkəti RT-nin Tennessi ştatında bir şirkətə 10 milyon dollar ödəyərək, ABŞ auditoriyasına gizli Rusiya hökumət mesajları olan məzmun yaratmaq və yaymaqda günahlandırıb. İddianamədə bildirilir ki, bu videolar, tez-tez immiqrasiya, gender və iqtisadiyyat kimi məsələlərdə sağçı mövqeləri təşviq edirdi və gizli şəkildə RT işçiləri tərəfindən “redaktə edilmiş, paylaşılmış və idarə olunmuşdur.”
Keçən həftə ABŞ Dövlət Katibi Entonu Blinken RT-yə qarşı yeni sanksiyalar elan edərək, onu “Rusiyanın kəşfiyyat aparatı kimi fəaliyyət göstərən bir budaq” adlandırıb. ABŞ-ın baş diplomatı jurnalistlərə bildirib ki, RT, ABŞ-da demokratiyanı gizli şəkildə “zəiflətməyə” çalışan Rusiya dəstəkli media qurumlarından ibarət bir şəbəkənin bir hissəsidir. O əlavə edib ki, Rusiya hökuməti RT-də, kiber əməliyyat imkanlarına malik və Rusiya kəşfiyyatı ilə əlaqəsi olan bir bölmə yerləşdirib.
“RT” X platformasında Blinkenin çıxışını canlı yayımlayıb və bunu “ABŞ-ın son sui-qəsd nəzəriyyəsi” adlandırıb.