Bu ilin sonuna qədər Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin yük axınlarının kütləviləşməsi, səmərəliliyinin və raqbətqabiləyyətinin artırılması məqsədilə tərəfdaşları ilə birlikdə konteyner daşımalarına, dəhliz boyu blok qatarlarının buraxılmasına prioritet verməyə başlayıb: “Artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə nəql edilməsinə dair razılıq əldə edilib. İlk olaraq, bu ilin mart ayında Çinin Sian limanından Bakıya cəmi 11 günə birinci konteyner qatarı çatdırılıb. Orta hesabla, blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Ümumilikdə, bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır və bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir”.
O qeyd edib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və tərsinə yük axınlarında artımın olduğu və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır: “Ümumilikdə, son illərdə qlobal miqyasda dəmir yolu ilə yükdaşımalarında illik təxminən 5 %-lik artım qeydə alınır və bu artımın davam edəcəyi proqnozlaşdırılır. Müxtəlif hesablamalara görə, illik dəyəri 300 milyard ABŞ dollarına yaxınlaşan qlobal dəmir yolu ilə yük daşımaları bazarının ildən-ilə böyüyəcəyi gözlənilir. Müxtəlif araşdırma qruplarının ən optimistik proqnoz modellərində dəmir yolu ilə yük daşıma trafikinin, yəni ton-kilometr dövriyyəsinin 2025-ci ilədək 12 trilyon ton-kilometrədək, 2050-ci ilədək isə 28 trilyon ton-kilometrədək artacağı bildirilib”.