Ağdam Sənaye Parkında fəaliyyətə başlayan “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodu ildə 1,4 milyon kvadratmetr profilli təbəqələr, 1 milyon kvadratmetr metalkirəmit lövhələr, 1 milyon kvadratmetr sendviç panellər, habelə 2 min ton dam aksesuarı istehsalı gücünə malikdir. İstehsal olunan məhsulların 90 faizi yerli, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub.
Bunu Ağdamda “Prof-Dam” MMC-nin direktoru Arif Ataşov deyib.
O bildirib ki, “Prof-Dam” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İki hektar ərazidə yaradılan zavodda məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək.
İnvestisiya dəyəri 8,5 milyon manat olan zavodda 40-dək iş yeri yaradılacaq. İşçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin dam örtükləri istehsalı zavodunun açılışında iştirak edib.