13 C
Baku
Saturday, November 23, 2024

ADB Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2.1%, 2025-ci il üçün isə 3.8% səviyyəsində proqnozlaşdırıb.

Bu barədə “ADB-nin bu gün açıqlanan “Asiyanın İnkişaf Perspektivləri” (ADO) hesabatının sentyabr sayında bildirilir.

Əvvəlki aprel hesabatında inflyasiya gözləntiləri müvafiq olaraq 5.5% və 6.5% səviyyəsində idi.

ADB hesab edir ki, davam edən sərt pul-kredit siyasətinin təsirləri inflyasiyanın azalmasına kömək edib.

“Qlobal əmtəə qiymətlərinin artımının yavaşlaması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın azalması, yüksək faiz dərəcələri ilə birlikdə orta illik inflyasiya səviyyəsini 2023-cü ilin birinci yarısındakı 12.7%-dən bir il sonra 0.7%-ə endirdi.

Ərzaq qiymətləri 0.6% azalıb, lakin digər mallarda 1.2%, xidmətlərdə isə 2.4% artıb”, – hesabatda qeyd olunub.

İnflyasiyanın azalması ilə Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından iyul ayına qədər dörd mərhələdə əsas faiz dərəcəsini 7.75%-dən 7.25%-ə endirib.

Hesabat müəlliflərinin qeyd etdiyi kimi, iyun ayının sonundan yanacağın inzibati qiymətlərinin artırılmasının 2024-cü ilin ikinci yarısında inflyasiyanın artmasına səbəb olacağı gözlənilsə də, ilin birinci yarısında çox aşağı inflyasiyanı nəzərə alaraq illik inflyasiya səviyyəsinin əvvəllər proqnozlaşdırılandan aşağı olacağı gözlənilir. Müvafiq olaraq, ADO-nun aprel sayına nisbətən 2024-cü və 2025-ci illər üçün inflyasiya proqnozları aşağı salınıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8.8% təşkil edib.

Hökumətin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 2.7%, 2025-ci ildə isə 4.6% təşkil edir.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər