Qazaxıstan və Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımalar üzrə ikitərəfli işçi qrupun I iclasında 2029-cu ildə daşımaların illik həcminin 2 min konteyner qatarına çatdırılması barədə razılığa gəlib.
“Qazaxıstan-Çin işçi qrupu Astanada keçirilmiş I iclasda 2029-cu ilin sonuna qədər TBNM ilə Çindən Avropaya və əks istiqamətdə yükdaşımaların proqnozlaşdırılan həcmlərini müzakirə edərək razılaşdırıb. Beləliklə, tərəflər birgə səylərlə TBNM ilə illik daşımaların həcmini 2025-2026-cı illərdə 600, 2027-ci ildə 1000, 2029-cu ildə isə 2000 konteyner qatarına qədər artıracaq”, – məlumatda bildirilib.
Bundan əlavə, Qazaxıstan tərəfi tranzit konteyner qatarlarının sayının artmasına uyğun olaraq gecikmələrin qarşısının alınması, konteynerlərin vaxtında daşınması üçün daxili limanlarda müvafiq infrastrukturun təmin edilməsi ilə bağlı tədbirlər görəcək.
“Beləliklə, 2025-ci ildə limanlar vasitəsilə ildə ən azı 50 min standart konteynerin, 2026-2029-cu illərdə isə 85 min konteynerin daşınacağı proqnozlaşdırılır. Bu gün biz Avropa, Mərkəzi Asiya və Çin arasında tranzit yük axınının təmin edilməsi istiqamətində fəal iş aparırıq. 2023-cü ildə 2,76 milyon ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 65 % çoxdur”, – məlumatda qeyd olunub.