Gömrük, daxili işlər və ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.