Tikinti şirkətində pay bölgüsü dəyişib – “Aral Qrup” 81,5% pay alıb

Yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olan “Maksimus” MMC-nin təsisçi strukturu dəyişib və şirkətdə nəzarət payı “ARAL QRUP” MMC-yə keçib.

Banker.az xəbər verir ki, “Maksimus” MMC-nin nizamnamə kapitalı hazırda 100 manatdır və 50 paydan ibarətdir. Hər payın nominal dəyəri 2 manatdır.

Hesabata əsasən, şirkətin ən böyük təsisçisi “ARAL QRUP” MMC-dir. Şirkət “Maksimus”un kapitalında 81,5 manatlıq, yaxud 81,5% paya sahibdir. Digər təsisçi Muxtar Gülməmmədov Əşrəf oğlunun payı 12,5%, Türkiyə vətəndaşları Ahmet Tanyıldızın payı 2%, İşlak Fatihin payı 2%, İşlak Sametin payı isə 2% təşkil edir.

Əvvəl “Maksimus” MMC-nin nizamnamə kapitalı 10 manat və kapitalın hamısı Muxtar Gülməmmədov Əşrəf oğluna məxsus idi. Beləliklə, nizamnamə kapitalı artırılaraq 100 manata çatdırılıb, Muxtar Gülməmmədovun şirkətdəki payı isə 100%-dən 12,5%-ə enib. Bununla da “ARAL QRUP” MMC 81,5%-lik payla şirkətin nəzarətedici təsisçisinə çevrilib.

“Aral Qrup” MMC Azərbaycanda əsasən tikinti və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən “Aral Group” şirkətlər qrupunun əsas şirkətlərindən biridir. Qrupun əsası 1991-ci ildə Türkiyənin Konya şəhərində qoyulub, Azərbaycanda isə tikinti və ticarət sahələrində fəaliyyətini genişləndirib. Hazırda tikinti və ticarət sahəsində fəaliyyət göstərən doqquz şirkətdən (“Aral Qrup” MMC, “İnkom” MMC, “Elif” MTK, “Esra” MMC, “Babək İnşaat” MTK, “Falez” MMC və s.) ibarətdir. Qrup Azərbaycanda bir sıra yaşayış və kommersiya layihələrinin, o cümlədən “Greenville Residence”, “Sumqayıt Bağça Şəhər” və “Mirvari City” layihələrinin icraçısıdır.

Bununla belə, Muxtar Gülməmmədov şirkətin həmtəsisçisi kimi qalmaqala yanaşı idarəetmədə iştirak edir. O, şirkətin direktorudur.

ŞİRKƏT MƏNFƏƏTDƏDİR

“Maksimus” MMC 2024-cü ili 93,9 min manat xalis mənfəətlə başa vurub. Şirkətin əsas əməliyyat gəlirləri 2024-cü ildə 16 milyon manata yaxın olub. Satışın maya dəyəri və digər birbaşa xərclər 11,6 milyon manat təşkil edib və nəticədə ümumi mənfəət 4,4 milyon manat olub. Kommersiya xərcləri isə 4,3 milyon manata yaxınlaşıb.

Şirkətin aktivləri ilin sonunda 172 milyon manata çatıb. Bu, 2023-cü ilin sonundakı 40,5 milyon manatla müqayisədə təxminən 4,2 dəfə, yaxud 324,5% çoxdur. Cari aktivlər 32,5 milyon manatdan 145,3 milyon manata, uzunmüddətli aktivlər isə 8 milyon manatdan 26,7 milyon manata yüksəlib.

Öhdəliklər də kəskin artaraq 37,4 milyon manatdan 170,9 milyon manata çatıb. Bunun 150,5 milyon manatı qısamüddətli, 20,3 milyon manatı uzunmüddətli öhdəliklərin payına düşüb. Şirkətin kapitalı isə əksinə, 3,1 milyon manatdan 1,17 milyon manata geriləyib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər