Son 5 ildə Azərbaycan və Belarus arasında ərzaq məhsullarının və kənd təsərrüfatı xammalının qarşılıqlı ticarəti 70%-dən çox artıb.
Bu barədə BELTA-ya Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən məlumat verilib.
“Azərbaycan Belarus üçün mühüm və etibarlı tərəfdaşdır. Ölkələrimizin iqtisadiyyatları ərzaq təminatı baxımından rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Belarus istehsalı olan süd, ət və balıq məhsullarının ixracında artım müşahidə olunur. Öz növbəsində, Azərbaycandan Belarusa pomidor, yemiş və qarpız, meyvə və qoz, təzə kartof tədarükü artıb”, – nazirlikdən bildirilib.
Hazırda Azərbaycanla baytarlıq preparatlarının birgə istehsalı imkanları araşdırılır.
Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb.