14 C
Baku
Sunday, November 24, 2024

Cari ilin birinci yarısında Türk dövlətlərinin ÜDM-i $900 mlrd.-ı ötüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk iqtisadi icmalı”nın növbəti sayını təqdim edib.

Mərkəzdən bildirilib ki, 2024-cü ilin yanvar-iyun aylarını əhatə edən hesabatda Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinə dair məlumatlar əks olunub. Bülletendə iqtisadi artım, sənaye və kənd təsərrüfatı, investisiyalar, dövlət büdcəsi, bank aktivləri və ticarət dinamikasına dair statistik göstəricilər verilib.

Cari ilin birinci yarısında Türk dövlətlərinin ümumi ÜDM-si təxminən 900,4 milyard dollar təşkil edib ki, bu da həmin dövr üzrə 54 trilyon dollar həcmində proqnozlaşdırılan qlobal ümumi daxili məhsul həcminin 1,7 faizini təşkil edir. Türk dövlətlərinin orta ÜDM artım sürəti 5,98 faiz olub ki, dünya üzrə bu göstərici 3,1 faiz təşkil edib. Türk dövlətlərinin iqtisadi artım tempi orta qlobal göstərici ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir, bu da onların sürətli inkişafını və iqtisadi blok kimi mövqeyinin gücləndiyini göstərir.

Türkdilli dövlətlər arasında ÜDM artımının yüksək tempinə görə Türkiyə 13,67 faiz ilə öndədir və 594,9 milyard dollar ÜDM həcmi ilə TDT ölkələri arasında ən böyük iqtisadiyyata sahibdir. Qırğızıstan 8,1 faiz, Özbəkistan 6,4 faiz, Qazaxıstan və Azərbaycan isə müvafiq olaraq 4,1 faiz və 4,3 faiz artımla sabit inkişaf nümayiş etdirir.

Sənaye istehsalı artımında Özbəkistan 7,8 faiz ilə öndədir. Qazaxıstan 2,9 faiz, Azərbaycan və Qırğızıstan isə müvafiq olaraq 0,9 faiz və 1 faiz artım göstərib. Türkiyə isə sənayedə 1,55 faiz azalıb, lakin bu sektor yenə də 123,5 milyard dollar ilə əhəmiyyətli həcmə malikdir. Kənd təsərrüfatı sahəsində Özbəkistan 3,8 faiz artımla önə çıxıb, Qazaxıstan 3,7 faiz, Qırğızıstan 3,3 faiz, Azərbaycan 0,3 faiz artım nümayiş etdirib.

Hesabat dövründə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 508,8 milyard dollar olub ki, bu da həmin dövr üzrə 16 trilyon dollar həcmində proqnozlaşdırılan dünya ticarət dövriyyəsinin 3,18 faizini təşkil edir. Sürətli iqtisadi artım və genişlənməkdə olan ticarət əməliyyatları gələcəkdə Türk dövlətlərinin qlobal bazarda mövqeyini daha da gücləndirəcək.

Qazaxıstanda ticarət balansı müsbət 11,6 milyard dollar təşkil edib. Türkiyənin ticarət kəsiri -42,5 milyard dollar, Özbəkistan və Qırğızıstan isə müvafiq olaraq -5,8 milyard və -4,4 milyard dollar təşkil edib.

İnvestisiya artımı üzrə Qırğızıstan 60,5 faiz ilə ən yüksək nəticəni göstərir. Özbəkistan və Türkiyə müvafiq olaraq 36,6 faiz və 12,37 faiz artım nümayiş etdirir. Azərbaycanın investisiya artımı 9,4 faiz olub. Qırğızıstan bank sektorunda 31,7 faiz artımla önə çıxır, Özbəkistan 20 faiz, Türkiyə isə 16,57 faiz artım göstərir. Azərbaycanın bank aktivləri 2,3 faiz artıb.

Türkiyə və Azərbaycan büdcə gəlirlərində müvafiq olaraq 26,34 faiz və 21,7 faiz artım nümayiş etdirir, lakin Türkiyə büdcə xərclərində 20,11 faiz yüksək artım göstərir. Qazaxıstan büdcə gəlirlərində və xərclərində 4 faiz artım nümayiş etdirərək sabit maliyyə idarəçiliyini nümayiş etdirir. Özbəkistan büdcə gəlirlərində 18,3 faiz, xərclərində isə nisbətən daha mülayim artım nümayiş etdirib. Qırğızıstanda büdcə gəlirləri 24,7 faiz artıb, lakin xərclər cəmi 6 faiz artımla məhdudlaşıb, bu da ölkədə ehtiyatlı büdcə siyasətinin göstəricisidir.

İqtisadi potensialın artırılması üçün strateji yanaşmaların tətbiqi vacib amildir. Bu baxımdan Türk İqtisadi İcmalı türkdilli dövlətlərin iqtisadi potensialını önə çıxarır, müxtəlif sektorlarda əhəmiyyətli artımı vurğulayır. Hesabatın nəticələrinə görə, ÜDM artımı, müsbət kənd təsərrüfatı tendensiyaları və artan sabit investisiyalarla region dayanıqlı inkişaf üçün yaxşı mövqedədir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər