Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris üç aydan az müddətdə kampaniyasında 1 milyard dollardan çox pul toplayıb, “The New York Times” (NYT) yazır. Nəşr qeyd edir ki, ABŞ tarixində heç bir prezidentliyə namizəd bu qədər qısa müddət ərzində belə bir məbləğ toplamamışdı.
Xanım Harrisin topladığı məbləğ onun respublikaçı rəqibi Donald Trampın 2024-cü ildə toplaya bildiyi məbləğdən çoxdur. Rəsmi açıqlamalara görə, cənab Tramp təxminən 853 milyon dollar toplayıb.
Noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri keçiriləcək. İyulda hazırkı prezident Co Baydenin prezidentlik yarışını tərk etməsindən sonra Kamala Harris demokratların namizədi seçilib. “The Hill/Desk HQ”nun son hesablamalarına görə, xanım Harrisin 54% qalib gəlmə şansı var.