12 C
Baku
Monday, November 25, 2024

Qazaxıstan Türkmənistanın qaz-kondensat yataqlarının işlənməsində iştirak edəcək

Qazaxıstan Türkmənistanda qaz-kondensat yataqlarının işlənməsi layihələrində, eləcə də boru kəməri infrastrukturunun genişləndirilməsində fəal iştirak etmək niyyətindədir.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev danışıqların yekunlarına dair Aşqabadda keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı “QazaqQaz” şirkəti ilə “Türkmənqaz” dövlət konserni arasında qaz sənayesində əməkdaşlığın inkişafı haqqında Sazişin imzalandığını qeyd edib.

Kasım-Jomart Tokayev bildirib: “Qazaxıstanın neft-qaz şirkətləri Xəzər dənizində neft-mədən xidmətləri sahəsində türkmən həmkarları ilə əməkdaşlıqda maraqlıdır. Birgə səylərlə tranzit və nəqliyyat qarşılıqlı fəaliyyəti üçün əlverişli şərait yaradılır. Bunun fonunda ölkələrimiz arasında yükdaşıma həcmlərinin davamlı artımını müşahidə edirik”.

Prezident xatırladıb ki, ötən il Qazaxıstanla Türkmənistan arasında dəmir yolu daşımalarının həcmi 20 faiz artaraq 1,5 milyon tona çatıb.

“Burada Şimal-Cənub nəqliyyat dəhlizində mühüm əlaqəni təşkil edən Qazaxıstan-Türkmənistan-İran dəmir yoluna xüsusi rol verilir. İki dövlətin sərhədində, Türkmənbaşı – Qaraboğaz – Qazaxıstan sərhədi istiqamətində yol infrastrukturunun birləşdirilməsi ilə bağlı tapşırıqlar sistemli şəkildə həyata keçirilir”, – deyə Kasım-Jomart Tokayev bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər