“Telegram” Qazaxıstanda ofis açır, bu barədə respublikanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib. Nazir qeyd edib ki, Qazaxıstan qanunvericiliyinə görə, messencerlərin respublikada nümayəndəsi olmalıdır. Onun sözlərinə görə, ölkə qeyri-qanuni məzmunu dərhal silmək və “destruktiv kanalları” bloklamaq üçün “Telegram” ilə fəal əməkdaşlıq edir.
Sentyabrın 23-də “Telegram”ın təsisçisi Pavel Durov istifadəçi müqaviləsinin yenilənməsini elan edib. İndi messencerin qaydalarını pozanların IP ünvanları və telefon nömrələri “ağlabatan qanuni tələblər” əsasında “müvafiq orqanlara açıqlana bilər”.
“Telegram” messencer olaraq 2013-cü ildə populyarlıq qazanmağa başlayıb. 2022-ci ildə messencer istifadəçi trafikinə görə ilk dəfə olaraq “WhatsApp”ı qabaqlayıb. Ötən ilin iyulunda “Telegram” ilk dəfə trafikin həcminə görə sosial şəbəkələr arasında üçüncü olub.