Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” təlimi layihəsi NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsi üçün mühüm vasitə hesab olunan Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib.
Bununla bağlı keçirilən “Simsiz Rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” təlim proqramının açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış edib. O deyib ki, rəqəmsal dövr özü ilə yeni fürsətlərlə yanaşı, həm də yeni çağırışlar və problemlər gətirir:
“Simsiz rabitə rəqəmsal dünyada xüsusi təyinatlı sistemlərdə, kritik infrastrukturlarda, xüsusən də ağıllı şəhər, ağıllı kənd konsepsiyalarında, eləcə də gündəlik həyatın hər bir sahəsində önəmli rol oynayır. Bu sistemləri hədəfləyən kibertəhdidlərin artan mürəkkəbliyi milli təhlükəsizlik və iqtisadi rifah üçün ciddi problemlər yarada bilir. Bu baxımdan, süni intellektin simsiz rabitə üzrə kibermüdafiə sahəsində bizə təqdim etdiyi imkanlardan səmərəli istifadə etməliyik”.