Azərbaycanın ən iri qaz boru kəmərinin operatoru “Cənub Qaz Dəhlizi” QSC (SGC) 2024-cü ilin ilk yarısını 901.55 milyon ABŞ dolları dəyərində xalis mənfəət əldə edib. Bu keçən ilin eyni dövründə 727.04 mln. dollar idi.
Banker.az xəbər verir ki, bu barədə SGC-nin yarım illik audit hesabatında bildirilir.
Hesabata əsasən, dövlət şirkətinin gəlirləri illik müqayisədə 17 faiz artımla 1 milyard 631.06 milyon dollara yüksəlib.
Şirkətin satışlarının maya dəyəri 365.62 mln. dollar olub. Şirkətin əməliyyat mənfəəti isə 1 mlrd. 7.79 mln. dollara olub.
Hesabat müddəti ərzində “Cənub Qaz Dəhlizi”nin aktivlərinin həcmi 3% azalaraq 14 mlrd. 749 mln. dollar olub.
Azərbaycan qazının xaricə nəqlini həyata keçirən “Cənub Qaz Dəhlizi” Azərbaycan Prezidentinin imzaladığı 25 fevral 2014-cü il tarixli sərəncamı ilə Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmışdır.
SGC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.