16 C
Baku
Monday, October 28, 2024

Manat depozitləri yeni tarixi maksimumda: Ona tələb niyə yüksəlir?

Son illərdə Azərbaycanda müddətli depozitlərə marağın artması müşahidə edilir. 2024-cü ilin ilk üç rübündə fiziki şəxslərin depozit qoyuluşları 13 milyard 849.10 milyon manat həcmində qeyd olunub ki, bu da illik müqayisədə 10% artımdır. Bu artımın başlıca səbəbləri arasında hökumətin depozitlərə dəstək tədbirləri yer alır.

Banker.az xəbər verir ki, cari ilin əvvəlindən hökumət tərəfindən 18 aylıq depozitlər üçün tətbiq edilən 1%-lik əlavə faiz güzəşti depozitlərə marağı stimullaşdıran əsas amillərdən biridir. Bundan əlavə, ölkə vətəndaşları üçün faiz gəlirlərinin aylıq 200 manata qədər olan hissəsi vergidən azad edilib. Bu güzəştlər, manatın sabit məzənnəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilən məcburi ehtiyat normasından dolayı depozit faizlərinin yüksəlməsi fonunda müddətli depozit investisiya aləti kimi əhali üçün cəlbedici olub.

Əhalinin müddətli depozitləri ümumi depozitlər arasında daha çox artım dinamikası nümayiş etdirir. Ümumilikdə əhalinin müddətli depozitləri 8 milyard 242.78 milyon manat olmaqla cari ilin əvvəlindən 20% artıb. Bu məbləğin 2 milyard 871.01 milyon manatda olan hissəsi xarici valyutada cəlb edilib.

Bunun əksinə, tələbli depozitlərdə, hansı ki, bank kartlarında, cari hesablarda və s. olan vəsaitlərin həcmində isə cüzi azalma olub – 5 milyon 606.33 milyon manata enib. Analitiklər qeyd edirlər ki, müddətli depozitlərdə bu cür davamlı artımın səbəbi hökumət tərəfindən təklif olunan əlavə gəlir güzəştləri və bir sıra iri bankların da yuxarı gəlirli depozit təklifindən irəli gəlir.

Hüquqi şəxslərin depozitləri isə 22 milyard 209.80 milyon manat təşkil edir və xarici valyutada 9 milyard 240.90 milyon manat məbləğ saxlanılır. Hüquqi şəxslər üzrə ümumi artım 1% təşkil etsə də, müddətli depozitlərdə 20% artım qeydə alınıb. Bu qrupa daxil olan tələbli depozitlər isə 4% azalma göstərir. Hüquqi şəxslərin qısa müddətli depozitlərə üstünlük verməsi əsasən likvidliyə daha çox önəm vermələri ilə izah olunur.

Qeyd edək ki, son illərdə Azərbaycanda bir sıra əvvəlki illərdən fərqli olaraq iri banklar faizləri qaldırıb. Bu banklar AMB-nin 2022-ci ildə yaratdığı yeni reylefdən irəli gələrək depozitləri 10-11 faiz aralğına qaldırıb. Bu da əhali üçün risk iştahını artırır. Üstəlik depozitlərin sığortalanması onların əlindəki sərbəst vəsaitləri bu istiqamətdə rahat şəkildə yönəltməsini dəstəkləyir.

Cari ilin əvvəlində əhali üçün manatda olan müddətli depozitlərin orta faizi 9.23 faiz olduğu halda, üçüncü rübün sonuna 9.47 faizə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər