®24.10.2024 tarixində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax şəhərində pambıq əkin sahələrinə baş çəkərək fermerlərlə görüşmüşdür.
Yevlax şəhərinin Aran kəndində “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə bağlamış fermerlərin əkin sahələrində kombaynla pambıq yığımı prosesini izləyən cənab nazir həm də pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirləri, yüksək məhsuldarlıq əldə etmək üçün fermerlərin ehtiyaclarının qarşılanması istiqamətində atılan addımları vurğulamış, fermerlərin təklif və şikayətlərini dinləmişdir.
Nazir daha sonra müasir pivot suvarma sistemi ilə becərilən pambıq sahəsinə baxış keçirmək üçün “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax İnnovasiya Fermer Təsərrüfatına səfər etmişdir.
“MKT İstehsalat Kommersiya” MMC-nin İdarə Heyətinin sədri Rövşən Mahmudov cənab nazirə cari işlər, tətbiq edilən müasir texnologiyalar və innovativ yanaşmalar barədə ətraflı məlumat vermiş, xüsusilə də “MKT İstehsalat Kommersiya” MMC-nin tətbiq etdiyi torpağın lazer mala ilə hamarlanması prosesi cənab nazirin diqqətini cəlb etmişdir. Bu üsul, innovasiya fermer təsərrüfatları ilə yanaşı həm də “MKT İstehsalat Kommersiya”nın əməkdaşlıq etdiyi fermerlərin sahələrində də tətbiq edilməyə başlanılmış, bu da öz növbəsində suvarma prosesinin optimallaşdırılmasına və məhsuldarlığa müsbət təkan verir. Cənab nazir bu addımları təqdir edərək, fermerlərə daha çox torpaqların lazer mala hamarlanması mövzusunda məlumatlandırılması barədə müvafiq tapşırıqlarını vermişdir.
Cənab nazirə həmçinin sort sınaq sahələri də nümayiş etdirilmiş, yeniliklər müzakirə edilərkən hazırda dünya bazarında pambığın kəmiyyətindən çox keyfiyyətinə üstünlük verildiyi vurğulanmışdır. Pambığın becərilməsindən başlayaraq istehsal zəncirinin son pilləsinə qədər onun izlənilə bilən olmasının önəmi vurğulanmış, istehsal zəncirinin istənilən pilləsində pambığın mənşəyi və onun yetişdiyi ərazi (fermer) barədə məlumatın əlçatanlığı istiqamətində “MKT İstehsalat Kommersiya” MMC-nin fəaliyyətləri müzakirə edilmişdir.
Səfər çərçivəsində Azərbaycanda pambıq və tekstil istehsalı ilə məşğul olan “GP Cotton Holdings” şirkətinin fəaliyyəti haqqında da təqdimat keçirilmiş, təqdimat zamanı “GP Cotton Holdings” Müşahidə Şurasının Sədri John Young Simpson tərəfindən holdinqə daxil olan “Giltex” MMC-nin beynəlxalq səviyyədə tanınan və dünya brendləri tərəfindən qəbul edilən “Amfori BSCI” sertifikatının əldə edildiyi, “Giltex” MMC-yə daxil olan iplik, toxuculuq, boya, geyim və tibbi maska istehsalı müəssisələrində daha çox “MKT İstehsalat Kommersiya” MMC tərəfindən yetişdirilən yüksək keyfiyyətli yerli pambıq və iplikdən istifadə olunduğu vurğulanmışdır. Təqdimat zamanı cənab nazirə yuxarıda qeyd edilən istehsal zənciri nəticəsində COP 29 tədbirləri zamanı könüllülər komandası üçün istehsal edilən köynəklər də nümayiş etdirilmişdir.
Həmçinin “MKT İstehsalat Kommersiya” MMC-nin dünya bazarında daha böyük nailiyyətlər qazanmaq, Azərbaycan pambığını dünyaya tanıtmaq üçün BCI-a (Better Cotton Initiative) üzvlük istiqamətində işlərin də aparıldığı diqqətə çatdırılmışdır.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/