12 C
Baku
Monday, November 25, 2024

İlham Əliyev Surinam Prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.

Surinam Prezidenti ilə görüşdən məmnunluğunu bildirən dövlətimizin başçısı Çandrikapersad Santoxinin dəvəti qəbul edib, COP29 tədbirində iştirak etdiyinə görə minnətdarlığını bildirdi və vurğuladı ki, bu, ikitərəfli münasibətlərimizdə yüksək səviyyədə ilk rəsmi səfərdir. Azərbaycan Prezidenti bu səfərin əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edərək, onun səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Surinam Prezidenti dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevin COP29 prosesində liderliyinin təqdir olunduğunu qeyd etdi və bu cür mötəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. O, COP-a sədrliyin asan olmadığını dedi, ancaq bununla belə Azərbaycanın bu məsələdə liderlik göstərdiyini vurğuladı.

Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirildi, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimizin yaxından əməkdaşlıq etdiyi qeyd edildi.

Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaq Surinamdan olan tələbələrə Azərbaycanın ali təhsil müəssisələrində təqaüd verilməsi və universitetlərimiz arasında əməkdaşlığın yaradılması məsələsini diqqətə çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlərin irəliləyə aparılması üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olundu.

Söhbət zamanı COP-un gündəliyində duran məsələlər və ölkələrimizin COP çərçivəsində, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı.

Son xəbərlər
Digər xəbərlər