13 C
Baku
Saturday, November 16, 2024

Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri açıqlanıb

Azərbaycan Avropaya hər il 5 giqavat təmiz elektrik enerjisi ixrac etmək niyyətindədir.

Bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev COP29 çərçivəsində keçirilən “2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin üç dəfə artırılması: Mərkəzi Asiyada sürətli bərpa olunan enerji üçün zəmin” mövzusunda təşkil olunmuş tədbirdə çıxış edib.

Onun sözlərinə görə, Özbəkistan öz elektrik enerjisinin 5 giqavatını, Qazaxıstan isə 5-7 giqavat enerji ixrac etməyi planlaşdırır: “Bu strateji yanaşma Mərkəzi Asiyanın və Azərbaycanın qlobal enerji keçidində əsas oyunçuya çevrilməsi istiqamətində mühüm addım hesab olunur”.

Ə. Şıxəliyev hesab edib ki, bərpa olunan enerji sahəsində ambisiyalı hədəflərə nail olmaq üçün investorların diqqətini cəlb edən meqa layihələr vacibdir:

“Kiçik gəlirli layihələrdən fərqli olaraq, investorlar böyük və etibarlı layihələrə üstünlük verirlər. Azərbaycan hökuməti bu istiqamətdə Xəzər dənizində külək elektrik stansiyalarının quraşdırılması və həmin stansiyalarda istehsal olunan enerjinin Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi kimi irimiqyaslı layihələr hazırlayır. Beləliklə, təmiz enerji Xəzər dənizindəki külək stansiyalarından birbaşa Avropa ölkələrinə çatdırılacaq”.

Ə. Şıxəliyev vurğulayıb ki, bu layihələr Avropanı Mərkəzi Asiya ilə enerji baxımından birləşdirmək məqsədini daşıyır: “Bu il Qazaxıstan, Özbəkistan və Azərbaycanın elektrik sistemlərinin birləşdirilməsinə dair layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanacaq. Layihə çərçivəsində Xəzər dənizinin dibi ilə çəkiləcək kabel vasitəsilə enerji Qazaxıstandan Azərbaycana, oradan isə Avropaya çatdırılacaq. Bununla yanaşı, Azərbaycan Türkiyə vasitəsilə Avropaya uzanan başqa bir enerji dəhlizinə də malikdir”.

O əlavə edib ki, bu layihələr həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialını qlobal bazara çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər