Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmaq üçün danışıqlar aparır.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
“”SOCAR Turkey Doğalgaz Yatırım A.Ş.“nin satışı üçün danışıqlara yeni başladıq”, – deyə yerli qaz şəbəkəsi operatorları olan “Bursagaz” və “Kayserigaz”ın sahibi SOCAR-ın nümayəndəsi Bloomberg-ə bildirib. Agentlik qeyd edir ki, hüquqi proseslərin davam etməsi səbəbindən daha ətraflı məlumat verməkdən imtina ediblər.
Məsələ ilə tanış olan mənbələrə görə, evlərə və müəssisələrə qaz çatdıran bu bölmələrin mümkün satışı ümumilikdə bir neçə yüz milyon dollar dəyərində qiymətləndirilə bilər. Bununla belə, hələlik qərar qəbul edilməyib və sövdələşmənin baş tutacağına zəmanət yoxdur.
Bir neçə potensial alıcı — “Aksa Doğal Gaz Dağıtım A.Ş.”, “Ahlatçı Doğal Gaz A.Ş.” və “Palmet Enerji A.Ş.” — SOCAR-ın Türkiyədəki şirkəti ilə birbaşa danışıqlar aparır. Lakin Bloomberg əlavə edir ki, məlumatın məxfi olması səbəbilə adlarının açıqlanmasını istəməyiblər.
“Aksa”, “Ahlatçı” və “Palmet” də agentliyə bu mövzu ilə əlaqəli şərh verməyiblər.
Rəsmi məlumatlara görə, ötən il bu iki paylama şirkəti Bursa və Kayseri vilayətlərində 1,3 milyon istehlakçıya ümumilikdə 1,7 milyard kubmetr qaz satıb. Bursa, İstanbul, Ankara və İzmirdən sonra Türkiyənin dördüncü ən böyük tələbat mərkəzidir.
SOCAR-ın hər iki şirkəti 2019-cu ildə Almaniyanın enerji şirkəti EWE AG-nin Türkiyə aktivlərini açıqlanmayan bir məbləğə alaraq əldə edib.
Agentlik yazır ki, SOCAR indiyə qədər 18 milyard dollar sərmayə qoymaqla Türkiyədə ən böyük xarici investordur. Paylama şirkətlərindən əlavə, SOCAR-ın Egey dənizi sahilində STAR neft emalı zavodu var və onun Türkiyədəki biznesinin mərkəzində neft emalı və petrokimya dayanır.
SOCAR həmçinin Azərbaycan qazını iki boru kəməri vasitəsilə Türkiyə üzərindən Avropaya ixrac edir.