11 C
Baku
Monday, November 25, 2024

“Goldman Sachs”: Qlobal neft tələbatı qarşıdakı on ildə artacaq

Qlobal neft tələbi daha on il ərzində artmağa davam edəcək və bu əmtəəyə qlobal marağın pik səviyyəsinin 2030-cu ildən tez baş verməsi gözlənilmir, dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” yazıb.

Ekspertlərin fikrincə, ortamüddətli perspektivdə bir sıra amillər qlobal neft tələbinin davamlı artımına kömək edəcək. Söhbət ilk növbədə inkişaf etməkdə olan ölkələrin xammala olan sabit marağından, eləcə də hava nəqliyyatının və neft-kimya məhsullarının karbonsizləşdirilməsində çətinliklərdən gedir. Analitiklər belə qənaətə gəliblər ki, bu sənayelərdə alternativ enerji mənbələrinə keçid çox güman ki, növbəti on ildə “çətin vəzifə” olaraq qalacaq.

Mütəxəssislərin fikrincə, neftə artan qlobal tələbəmtəə bazarında təklifin çoxluğu hesabına təmin ediləcək. Belə ki, 2025-ci ildə onların hesablamalarına görə, neft profisiti sutkada 400 min barel, 2026-cı ildə isə 900 minə çatacaq. Bu cür dinamikaya, digər şeylərlə yanaşı, ABŞ, Kanada, Braziliya və Qayanada istehsalın artması kömək edəcək. Nəticədə, analitiklər hesab edirlər ki, “Brent” markalı neftin orta qiyməti 2025-ci ildə 76 dollar/barel, 2026-cı ildə isə 71 dollar olacaq.

Daha əvvəl Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol dünyada qalıq yanacaq dövrünün “sonunun başlanğıcını” elan etmişdi. Onun gözləntilərinə görə, xammala qlobal marağın pik dövrü 2030-cu ildən sonra gələcək. Buna, xüsusən də Çində yaşıl və nüvə enerjisinin aktiv inkişafı, eləcə də hazırda neft və kömürün əsas istehlakçılarından biri olan Asiya ölkəsinin iqtisadi artımının ləngiməsi kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər