Azərbaycanın “ASAN xidmət” modeli dörd qitədə təşviq ediləcək.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (“ASAN xidmət”) məlumat verilib.
Bildirilib ki, bununla bağlı Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Töhfə Sazişi imzalanıb. Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua imzalayıblar.
Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur.
Sazişə əsasən, Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında müvafiq ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlər təşkil ediləcək. Həmçinin tədris vəsaitləri hazırlanacaq və qitələrarası beynəlxalq tədbirlər təşkil olunacaq.