Bitkoinin (Bitcoin) qiyməti $93 minin altına düşərək keçən həftə ərzindəki bütün artımı itirdi. Bazar məlumatları təklif və tələb arasında yaranan balanssızlığı göstərir.
Banker.az xəbər verir ki, “FalconX” broker şirkəti yazır ki, alıcılar gözlənilmədən Bitkoin almağa olan maraqlarını azaldıb. Analitiklər fikirlərini müxtəlif ticarət platformalarında Bitkoin üzrə alqı və satqı sifarişlərinin sayını və məbləğini müqayisə edən likvidlik tədqiqatına əsaslandırır.
“Bitkoin $100 min səviyyəsinə yaxınlaşdıqca, likvidlikdəki qeyri-bərabərlik 2022-ci ildən bəri yalnız üç dəfə müşahidə olunan səviyyələrə yaxınlaşır. Bu, orta müddətli ralliyə təhlükə yaratmasa da, $100 min səviyyəsini keçmək uğrunda mübarizənin gərgin ola biləcəyini göstərir” — deyə, “FalconX” yazıb.
Şirkət həmçinin son günlərdə Bitkoinin digər kriptovalyutalara nisbətdə dominasiya səviyyəsinin azalmasına diqqət çəkib. Dominasiya 21 noyabr tarixindəki 60.1%-dən 26 noyabr tarixində 57.4%-ə düşüb. Bununla belə, Bitkoin-dən alternativ kriptovalyutalara vəsait axını müşahidə olunur ki, bu da qiymətlərin korreksiyasının zəruri olduğunu təsdiqləyir, ekspertlər hesab edir.
Bitkoinin qiyməti üçün məhdudlaşdırıcı amillər arasında makroiqtisadi məlumatlar da yer alır. Xüsusilə, ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauelin işarə etdiyi kimi, faiz dərəcəsinin azalmasının tempinin yavaşlaması ehtimalı bazarlar tərəfindən gözlənilir. Bununla belə, uzunmüddətli perspektivdə ekspertlərin proqnozları müsbət olaraq qalır.