11 C
Baku
Friday, January 10, 2025

Hava limanındakı “VIP Xidmətlər Qrupu”nun gəlirləri düşüb, xərcləri artıb – Hesabat

Bakının beynəlxalq hava limanında fəaliyyət göstərən “VIP Xidmətlər Qrupu” MMC-nin (əvvəlki “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC) xalis mənfəəti 2023-cü ildə gəlirlərinin azalması və xidmətin maya dəyərinin və eləcə də işçi heyətinə çəkilən xərclərin yüksəlməsi səbəbindən azalıb.

Banker.az xəbər verir ki, şirkət 2023-cü ildə 29.22 milyon manat gəlir əldə edib ki, bu keçənilki göstəricidən 7 faiz azdır.

Şirkət hava limanına VIP (xüsusi əhəmiyyətli şəxs) üçün xüsusi xidmət həyata keçirən özəl şirkətdir və əsas fəaliyyət istiqaməti də bundan ibarətdir.

Şirkətin gəlirlərinin azalmasına baxmayaraq, xidmətin maya dəyəri son bir ildə 28 faiz artaraq 11.51 mln. manata yüksəlib ki, bu da onun ümumi mənfəətinin 17.71 mln. manata düşməsinə səbəb olub.

“VIP Xidmətlər Qrupu” hesabat müddətində ümumi və inzibati xərcləri 8.51 mln. manat xərc çəkməklə illik müqayisədə 13 faiz artırmış olub.

Şirkət hesabat müddətində investisiya fəaliyyətindən 1.39 mln. manat gəlir əldə edib, bu, keçən il 0.67 mln. manat olmuşdu.

Beləliklə, şirkət maliyyə ilini 8.05 milyon manat xalis mənfəətlə tamamlayıb. Öncəki ildə xalis mənfəət 15.84 mln. manat idi. Bu da xalis mənfəətin son ildə gəlirlərin düşməsi və xərclərin artması səbəbindən təqribən yarıbayarı (49%) enişinə gətirib çıxarıb.

Bununla belə, illərdir mənfəətin yüksək olmasına baxmayaraq, səhmdarlar kapitaldakı bölüşdürülməmiş mənfəətdən “qənaətlə” istifadə edirlər ki, nəticədə şirkətin kapital mövqeyi güclü olaraq qalır. Keçən il 28.16 mln. manatlıq bölüşdürülməmiş mənfəət bu il 34.82 mln. manata yüksəlib. Halbuki, səhmdar bu şirkəti 100 min manat nizamnamə fondu ilə bazara gətirib.

Keçən il ərzində səhmdarlar şirkətin balansındakı bölüşdürülməmiş mənfəətindən öncəki illə müqayisədə daha az, yəni 1.39 mln. manat dividend əldə ediblər. Məsələn, 2022-ci ildə bu rəqəm 19.94 mln. manat idi.

Xatırlatma!

“VIP Xidmətlər Qrupu” MMC 2011-ci ildə təsis edilib və həmin vaxtdan bu günə qədər şirkətin direktoru İlham Şükürov Sabir oğludur. 2018-ci ildə Emil İlizarov Semyonoviç qısa müddətə onun yerinə keçsə də, 2021-ci ildən oğlu Sabir Şükürov bu posta təyin edilib. 2023-cü ilin aprelindən İ.Şükürov yenidən şirkətin direktoru olub və bu günə qədər öz vəzifəsini davam etdirir.

Son xəbərlər
Digər xəbərlər