– 75 faiz güzəştdən söz düşmüşkən, bəzi xidmət sahələri üzrə, xüsusilə də mikro sahibkarların gəlirlərinə 75 faizlik güzəştin heç bir şərtləndirilmə nəzərə alınmadan tətbiq olunması gözlənilir. Bu istiqamətdə təkliflər xüsusi maraqla qarşılanır. Ona görə də istərdik ki, bu barədə daha ətraflı məlumat verəsiniz.

– Bir sıra fəaliyyət həyata keçirən mikro sahibkarlara, fiziki şəxslər işçi cəlb etmədən, yəni işçi sayından asılı olmayaraq onların əldə etdiyi gəlirlərə illik 45.000 manat həcmində gəlirlər üzrə 75 faiz vergi güzəşti tətbiq edilməsi nəzərdə tutulur. Xidmətlərin dairəsinə baxsaq, buraya mühasibatlıq, hüquq, jurnalistika fəaliyyəti üzrə xidmətlər, turizm bələdçiləri və bir sıra digər xidmətlər, o cümlədən xidmətlərin ixracı, İT xidmətləri də aiddir. Məhz bu xidmətlərdə 75 faiz vergi güzəşti təqdim olunacaq.

– “Kölgə iqtisadiyyatı”nın məhdudlaşdırılmasına xidmət edən təşviqlərə nəzər salsaq, bu çərçivədə xüsusilə bazarlara nəzarət və əməliyyatların nağdsız qaydada həyata keçirilməsinin təşviqi ilə bağlı xüsusi məqamlar yer alır. Bunlar nədən ibarətdir? Burada müəyyən cərimələrin, məhdudlaşdırıcı sanksiyaların tətbiqi də nəzərdə tutulur.

– Ortamüddətli dövrdə strateji hədəflərimiz iki istiqamətdədir. İkinci istiqamət məhz “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına xidmət etməlidir. Biznes nümayəndələri ilə keçirdiyimiz görüşlərdə harada “kölgə iqtisadiyyatı”nın daha çox formalaşması, hansı əməliyyatların aradan qaldırılması və sağlam rəqabətin yaranmasına imkan verə biləcəyi ilə bağlı proseslər mütəmadi olaraq müzakirə edilir.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara
nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır

Bu baxımdan Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara nəzarət məsələsi ilə bağlı yeni müddəalar yer alır. Bildiyiniz kimi, bazarlar elə bir əmlak kompleksidir ki, orada kütləvi sayda sahibkarlar müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Bu cür əmlak komplekslərinə münasibətdə vergi münasibətlərinin iştirakçısı kimi həm bazarlar, həm sahibkarlar, həm dövlət qurumlarının qatıldığı xüsusi bir format nəzərdə tutulur. Bu ondan ibarətdir ki, bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Artıq bu format həyata keçirilərsə, bu əmlak kompleksi tam leqal, yəni qanunauyğun şəkildə uçota alınmış sahibkarların fəaliyyətini təmin etmiş olacaq. Vergi orqanı nəzarət tədbirləri zamanı belə bir halın pozulmasını aşkar edərsə, bu zaman bazar mülkiyyətçilərinə, əgər idarəetməyə verilibsə, idarəediciyə hər bir uçotsuz sahibkar üçün 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək. Əgər bu hal təqvim ili ərzində təkrar baş verərsə, o zaman 4.000 manat və növbəti dəfə olarsa, 6.000 manat həcmində maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Məqsəd məhz bu cür kütləvi məkanlarda qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə şərait yaradılmaması üçün preventiv tədbirlərin görülməsi, eyni zamanda, istehlakçıların da hüquqlarının qorunmasıdır. Bu layihədə bazar mülkiyyətçiləri üzərində o tələb də var ki, bütün sahibkarlar fəaliyyət göstərdikləri obyektlərində öz rekvizitlərini – adı, təsərrüfat subyektinin kodunu və s. göstərməlidirlər. Çünki istehlakçılardan aldığımız şikayətlərdə ünvan, məkan göstərilsə də, onun hansı mağazaya, hansı obyektə məxsus olmasını müəyyən edə bilmirlər. Bu baxımdan tam hüquqi müəyyənlik, istehlakçıların hüquqlarının qorunması baxımından, eləcə də qanunsuz sahibkarlıq və uçotsuz sahibkarın qarşısının alınması baxımından bu dəyişiklik önəmlidir.

Yeni dəyişikliklərlə belə bir şərait yaradılır ki, mənzilləri kirayə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilirlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqlar

– Layihədə vergi ödəyicilərinin inzibati yükünün azaldılması ilə bağlı əhəmiyyətli dəyişikliklər də yer alır. Məsələn, artıq sabit qəbzlə ödəniş edən vergi ödəyiciləri xidmət mərkəzinə müraciət etmədən də müəyyən qəbzləri əldə edə biləcəklər.

– Qanunvericilikdə inzibatçılığın sadələşdirilməsi xüsusi önəm daşıyır. Dünya Bankı Qrupunun “Business Ready” layihəsi çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və heabatlılıq” işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrup tərəfindən “Vergitutma” indikatoru üzrə qəbul edilmiş Yol Xəritəsi mövcuddur. Bu Yol Xəritəsində qoyulmuş üç konseptual məsələdən biri kimi qaydaların aydınlığı, onu təmin edən infrastruktur və keyfiyyətli xidmət qeyd olunub. Bu baxımdan elektron xidmətlərin artırılması məhz göstərilən xidmətləri qarşılaya bilən keyfiyyətli infrastrukturla özünü müşahidə etdirir. Sabit qəbzlərin əldə edilməsi üçün artıq fiziki olaraq məkana müraciət etməyə zərurət qalmayacaq. Elektron kabinet üzərindən sabit qəbzlərin əldə edilməsi imkanı yaradılmış olacaq.

Digər bir məqamı da qeyd etmək istərdim. Düşünürəm ki, bu, xüsusi bir haldır. Bildiyiniz kimi, mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalı və gəlir vergisi bəyannaməsi verməlidir. Ancaq biz praktikada müşahidə edirik ki, bu hallar vətəndaşlara çətinlik yaratdığından bu həmin gəlirlərin də dövlət büdcəsinə ödənilməsində ləngimələrə gətirir. Yeni dəyişikliklərlə belə bir şərait yaradılır ki, mənzilləri kirayə verən şəxslər öz vergi öhdəliklərini agent şəxslərə həvalə edə bilirlər və həmin agentlər bu şəxslərin vergilərini ödəmiş olacaqlar.

Xüsusi bir məqamı da qeyd edim ki, idxal əməliyyatı aparan subyektlərə münasibətdə onlar tərəfindən idxal edilən mallara görə arayışlar təqdim edilməli idi. Bu tələblər minimuma endirilir. Artıq müvafiq arayışı yalnız vergi orqanında uçotda obyekti olmayan şəxslər təqdim edəcəklər. Əgər vergi ödəyicisinin, sahibkarın vergi orqanında uçota alınmış obyektləri varsa, həmin şəxslər artıq idxal mallarına münasibətdə hər hansı bir arayış təqdim etməyəcəklər.

Əgər vergi ödəyicisinin, sahibkarın vergi orqanında uçota alınmış obyektləri varsa,
həmin şəxslər artıq idxal mallarına münasibətdə hər hansı bir arayış təqdim etməyəcəklər

– Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı müəyyən tələblər var. Vergi Məcəlləsində bu tələblərin qarşılanması ilə bağlı dəyişikliklər də yer alıb. Bu barədə qısaca məlumat verməyinizi istərdik.

– Beynəlxalq reytinqlərdə mövqelərimizin yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və transmilli şirkətlərə münasibətdə hesabatlılığın təmin edilməsi, transfer qiymətqoymalarda sənədlərin, məlumatların təqdim edilməsi üzərində tələblərin icra edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Yeni dəyişikliklərdə sanksiyaların adekvatlığının təmin edilməsi nəzərdə tutulur. Məlumat üçün deyim ki, hazırda nəzərdə tutulmuş 2.000 manat maliyyə sanksiyası məbləği bu kontekstdə minimum tələblərə cavab vermir. Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanla bağlı qısamüddətli tədbirlər planı təsdiq edilib. Həmin prosesdə məhz maliyyə sanksiyalarının adekvatlığı tələbi qoyulub. Bundan irəli gələrək sanksiyaların minimum tələbə çatdırılması həyata keçirilir.