Hesablama Palatasının Kollegiya iclasında “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları”nın layihəsi müzakirə olunub.
Hesablama Palatası xəbər verir ki, müzakirələrdə bu Qaydaların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 16-1 maddəsinin icrasının təmin olunması məqsədini daşıdığı qeyd edilərək Hesablama Palatası tərəfindən aparılmış maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə, xəzinə orqanları və müvəkkil banklara təqdimatların verilməsi prosedurlarını müəyyən etdiyi bildirilib.
Eyni zamanda “Hesablama Palatası” haqqında Azərbaycan Respublikası Qanununun 16-1 maddəsi ilə təqdimat göndərilmiş qurumlar tərəfindən bu təqdimatlara 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verməli olması, təqdimatlar əsassız icra edilmədikdə isə Hesablama Palatası sədrinin qərarı ilə həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatlar verilməsinin təsbit edildiyi qeyd olunmuş, “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları” ilə müəyyən edilmiş təqdimat formalarının layihələri müzakirə edilib.
Sonda “Hesablama Palatası tərəfindən həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi Qaydaları” təsdiq edilib, 2015-cı il uçun Iş Planına əsasən həyata keçirilmiş nəzarət tədbirləri üzrə Hesablama Palatasının təqdimatlarını əsassız icra etməyən qurumların siyahısının müəyyən edilməsi və həmin qurumların xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması barədə təqdimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.
AzVision.az