“Azəri Layt” markalı neftin orta satış qiyməti 46,8% azalıb.
2016-cı ildə ölkə iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi” kitabında öz əksini tapıb.
“Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 %, xarici investisiyaların payı isə 65,2% həddində gözlənilir.
Cəlb edilən investisiyaların 40,3%-ni qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edəcəkdir”, – deyə nazirliyin məlumatında qeyd edilib.
Məlumata görə, 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7%-ni təşkil edəcək.
Nazirlikdən həmçinin vurğulanıb ki, qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməyib, cari ilin ötən dövrü ərzində ölkənin valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun azalmasına, milli valyutanın qismən dəyərsizləşməsinə, iqtisadi artım surətinin zəifləməsinə səbəb olub, ölkəmizə məxsus “Azəri Layt” markalı neftin orta satış qiyməti ötən illə müqayisədə 46,8% azalaraq 53,7 ABŞ dolları təşkil edib.