®Bank Respublika EFSE-dən 21 milyon $ məbləğində kredit cəlb edib.
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb.
Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya 21 milyon ABŞ dolları məbləğində dörd il müddətinə kredit ayıracaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
“Bu saziş beynəlxalq maliyyə institutlarının həm “Bank Respublika”nın etibarlılığına, həm də ölkənin bank sisteminin dayanıqlılığına inamının növbəti mühüm göstəricisidir. Biz EFSE-dəki tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”– deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
“Bank Respublika ilə birlikdə sahibkarlar üçün effektiv maliyyə həlləri təqdim etmək üçün əməkdaşlığımızı dərinləşdiririk. Azərbaycan manatında verilən bu yeni kredit, yerli valyutada maliyyələşmənin əhəmiyyətini vurğulayır və bizneslərin davamlı inkişaf etməsinə, eyni zamanda valyuta risklərindən qorunmasına imkan yaradır,” — deyə EFSE İdarə Heyətinin sədri Andrea Hagmann bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.