“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” p.h.ş. (“Azərsu” ASC) keçən il üzrə maliyyə hesabatında gəlirlərinin artmasına rəğmən genişlənən xərclər səbəbindən zərərini bir qədər də artırıb.
Banker.az bu barədə “Azərsu”nun illik audit hesabatına istinadən xəbər verir. Hesabatı “Baker Tilly” audit şirkəti aparıb.
2023-cü ildə dövlət şirkətinin gəlirləri 304.04 milyon manat olmaqla öncəki ili 8 faiz üstələmiş olub.
“Azərsu” ASC Azərbaycan Respublikasının 6 iri şəhərinin – Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan əhalisini – istehlakçılarını mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. O, 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.
Şirkətin satışlarının maya dəyəri 161.12 milyon manat təşkil edib. Bununla da ümumi mənfəət 142.92 mln. manat olub. Keçən il ümumi mənfəət – hansı ki, gəlir və maya dəyəri arasındakı fərqi ifadə edir – 134.57 mln. manat idi.
Hesabat müddətində dövlət qurumu ümumilikdə 227.09 mln. manat əməliyyat xərci çəkib. Əməliyyat xərcləri öncəki ildən 23 faiz çoxdur.
Beləliklə, “Azərsu” ötən ili 226.29 milyon manat xalis zərərlə tamamlamış olub. 2022-ci ildə 178.64 mln. manat zərər olduğunu nəzərə alsaq, zərər 2023-cü ildə daha 27 faiz artıb.
“Azərsu”nun son illər irihəcmli zərərlər etməsi onun kapital balansındakı yığılmış zərəri rekord həcmə – 8 mlrd. 85.68 mln. manata çatdırıb. 400 mln. manat nizamnamə kapitalına sahib olan bu dövlət qurumu üçün illərdir dövlət tərəfindən böyük dəstək var. Əlavə kapital ödənişi 7.1 mlrd. manat, dövlət investisiyası isə 1.22 mlrd. manatdır.
Bunu da əlavə etməliyik ki, dövlət şirkəti hesabatı digərləri ilə müqayisədə xeyli gec təsdiqləyib və ictimaiyyətə gec açıqlayıb.