7 C
Baku
Sunday, December 29, 2024

Mərkəzi Bank 2025-ci il üzrə əsas hədəfini açıqladı

2025-ci ildə pul siyasəti Mərkəzi Bankın başlıca mandatı olan qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcəkdir. Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaqdır. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaqdır.

Mərkəzi Bankın son (oktyabr 2024) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,8% ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. Mərkəzi Bank 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcəkdir. Ümumi inflyasiya ilə yanaşı, baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaqdır. Eyni zamanda inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcəkdir.

Qiymətlər sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar – dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və iqtisadi aktivlik ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir.

2025-ci ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaqdır. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcəkdir.

Növbəti ildə də Mərkəzi Bankın faiz dəhlizi iqtisadiyyatda monetar şəraitə təsir göstərən əsas vasitələrindən biri kimi istifadə ediləcəkdir. Faiz dəhlizinə dair qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimindən, habelə yenilənmiş makroiqtisadi proqnozlardan asılı olaraq qəbul ediləcəkdir. Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən müəyyən edilmiş qrafikə uyğun müzakirəsi nəzərdə tutulur.

Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialının artırılması növbəti ildə də diqqətdə saxlanılacaqdır. Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model aparatı qabaqcıl təcrübələr əsasında mütəmadi təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və dərinliyi artırılacaqdır. Alternativ statistik məlumat bazalarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət təşkilatları və özəl qurumlarla əməkdaşlıq davam etdiriləcəkdir.

Növbəti ildə yeridilən pul siyasətinin kommunikasiyasının institusional əsaslarının gücləndirilməsi davam etdiriləcəkdir. Aydınlıq, ardıcıllıq, şəffaflıq və öngörüləbilənlik pul siyasətinin kommunikasiyasının əsas prinsipləri olacaqdır. Kommunikasiyada başlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media, akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət və geniş ictimaiyyət olacaqdır. Həyata keçirilən pul siyasəti ilə bağlı hesabatlarda ölkədəki makroiqtisadi vəziyyət və onun perspektivləri üzrə Mərkəzi Bankın qiymətləndirmələri barədə məlumatlar tam və operativ şəkildə açıqlanacaqdır.

Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, o cümlədən maliyyə sabitliyi üzrə siyasətlərlə uzlaşdırılması növbəti ildə də diqqətdə saxlanılacaqdır. Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə müsbət təsir edən amillər olacaqdır. Monetar siyasətdə iqlim dəyişikliyindən və eləcə də “yaşıl keçid”dən qaynaqlanan inflyasiyanın təsirləri üzrə təhlillər davam etdiriləcəkdir. COP29 ərəfəsində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Yaşıl Taksonomiya” perspektivdə zəruri hallarda “yaşıl keçid”ə pul siyasəti ilə də dəstək vermək üçün əsas yaradır.

2025-ci ildə də məcmu tələbin ölkənin istehsal potensialına adekvat şəkildə artmasını təmin etmək üçün xüsusilə fiskal və monetar siyasət arasında effektiv koordinasiya mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənləri nəzərə alaraq, Mərkəzi Bank pul siyasətinin iqtisadi siyasətin müxtəlif istiqamətləri ilə koordinasiyasının gücləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirəcəkdir. Təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində İqtisadi Şura mühüm rol oynayacaqdır.

Son xəbərlər
Digər xəbərlər