Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi ABŞ Federal Ehtiyat Sisteminin (FES) hansı qərar qəbul etməsindən yox, valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Bu barədə AMB-dən sorğuya cavab olaraq bildirilib. Sorğu FES-in son iclasında uçot dərəcəsi ilə bağlı qəbul olunan qərarın manatın məzənnəsinə təsiri ilə bağlı olub.
“Xarici valyutaya olan tələb əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmindən asılıdır. Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir. Bundan başqa ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir”, – deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, FES-in 15-16 mart tarixlərində keçirdiyi iki günlük iclasın yekununda uçot dərəcəsi dəyişməyərək 0,25-0,50% diapazonunda saxlanıb. Bu qərardan sonra dollar əksər valyutalara nəzərən ucuzlaşmağa başlayıb.
©APA-Economics